Valday” müzakirələri mühüm tarixi hadisəyə çevrildi “Valday” müzakirələri mühüm tarixi hadisəyə çevrildi Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, xüsusən, bizim regionda baş verən hadisələr dəfələrlə sübut edir ki, Azərbaycan haqq yoldadır və dövlətimizin xarici siyasəti böyük ustalıqla hazırlanmışdır. Prezident İlham Əliyevin Soçi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xatırladım ki, cənab Prezidentin bu səfəri təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən nümayiş etdirdiyi qətiyyətlə deyil, eləcə də, Azərbaycan --Rusiya münasibətləri, iki qonşu, dost və strateji tərəfdaş ölkənin qarşılıqlı siyasi, iqtisadi və humanitar sahələr üzrə möhkəmlənən əməkdaşlığının dilə gətirilməsi baxımından da yaddaqalan oldu.
Prezident xatırlatdı ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib. Ancaq biz – Azərbaycanın gənc vətənpərvərləri dövlət başçımızın Soçidə – “Valday” Diskussiya Klubunun iclasındakı nitqinin müddəalarını daha böyük məmnunluqla qarşıladıq. Çünki orada İlham Əliyev Azərbaycan həqiqətlərini dilə gətirməklə yanaşı, həm də erməni tərəfinin yalanını ifşa etdi. Dövlət başçımız münaqişənin tarixi barədə danışarkən dünya siyasətçilərinin qarşısında dedi ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycana verilməsi ifadəsi yox, Azərbaycanın tərkibində qalması göstərilmişdir. Yəni həmin ərazi Azərbaycanın tərkib hissəsidir. Münaqişə nəticəsində Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini deyən Prezident xatırlatdı ki, Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlının qəbul edilməsi gənc müstəqil dövlət üçün o qədər də asan deyildi. Üstəlik cənab Prezident növbəti dəfə xatırlatdı ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Bu tədbirin bizim üçün daha önəmli olan məqamı isə Nikol Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” – ifadəsinin ifşasını təmin edən qətiyyət idi. Belə ki, dövlət başçımız Ermənistanın diletant baş nazirinin həmin ifadəsini təkrarlayaraq ona cavab verdi: “ Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Xüsusilə xatırladılmalı məqamlardan biri isə Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf edərək qüdrətli dövlətə çevrildiyinin dilə gətirilməsi idi. Cənab İlham Əliyev xatırlatdı ki, işğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib: “26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri də bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi”. Yəni cənab Prezidentin Soçi səfərinin bütün detalları Azərbaycan xalqının mənafeyini, dövlətimizin maraqlarını ifadə etdiyinə görə tarixi hadisə kimi yaddaşlarda qaldı.
Müqamət ƏLİYEV, Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri
|