Gənc Vətənpərvərlər Birliyi "Vətən bizim and yerimizdir" mövzusunda tədbir keçirib GVB Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonun işğal olmasının 20-ci ildönümü ilə əlaqədar "Vətən bizim and yerimizdir" mövzusunda tədbir keçirib. "Azadinform” xəbər verir ki, tədbirdə birliyin yerli nümayəndələri, ziyalılar, Ağdamdan olan Qarabağ veteranları, idmançı məşqçilər və tələbə gənclər iştirak ediblər. İB sədri Muğan Əliyev qeyd edib ki, 1988-ci ilin sonlarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı – arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat km-i, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.
|