Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 18 » Yol hərəkəti qaydalarının yaranma tarixi (Yol hərəkəti qaydaları haqqında ümumi məlumat)
09:19
Yol hərəkəti qaydalarının yaranma tarixi (Yol hərəkəti qaydaları haqqında ümumi məlumat)

Yol hərəkəti qaydalarının yaranma tarixi
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi problemi hələ qədimdən də mövcud olmuşdur.
İlk dəfə yol Roma imperiyasında eramızdan 312 il əvvəl salınmışdır və ona Sezar Apiy Klavdiy adı verilmişdir. Elə o vaxtlar “bütün yollar Romaya aparır” ifadəsi yaranmışdır. Romaya aparan yolların örtüyü daşdan olmaqla, onun kənarında hər 1 km-dən bir daş dirək qoyulurdu.
Yolda hərəkətin sadələşməsi məqsədilə onlar tarix boyu təkmilləşdirilmiş, yolların müvafiq örtük və digər elementlərlə təhciz edilməsi məsələləri yaranmışdır.
Yolların və körpülərin tikintisi üçün ilk inşaat-mühəndis korpusu 17-ci əsrdə fransız kralı IV Henrix tərəfindən təşkil edilmişdir.
Hələ ilk vaxtlardan yollarda hərəkət sol tərəfli olmuşdur. Bunun da yaranma səbəbi ta qədimdən yolla gedən atlıların və ya piyadaların qarşı-qarşıya rastlaşdıqları anda özlərini müdafiə etmək üçün sağ əllərinə daha çox sərbəstlik şəraiti yaradılması olmuşdur. Belə ki, insan öz silahını (qılınc, nizə və.s) əsasən sağ əlində gəzdirmişdir. Hətta Roma Papasına ziyarətə gedən zəvvarlara da yolun sol tərəfi ilə getmək tövsiyə olunurdu.
İlk dəfə 1756-cı ildə Britaniya Parlamenti London körpüsündən sol tərəfli keçidi qanuniləşdirmişdir. Bu qaydanı pozan şəxs 1 gümüş funt məbləğində cərimə olunurdu. Bundan 20 il sonra yollarda hərəkət edən arabaların sayının artması ilə əlaqədar yollar barəsində tarixi akt qəbul edilmişdir.
1798-ci ildə Fransız imperatoru Napaleonun hakimiyyəti dövründə Fransada ilk dəfə sağ tərəfli hərəkət qəbul olunmuşdur. Sonradan sağtərəfli hərəkətə Avropanın digər dövlətləri də tədricən qoşulmuş və bu proses Avropada Britaniya istisna olmaqla || Dünya müharibəsi ərəfəsində başa çatmışdır.
ABŞ-da isə sağ tərəfli hərəkətə keçid avtomobilləşmənin inkişaf etdiyi 1920-ci illərə təsadüf edir.
Cəmiyyətdə gedən elmi-texniki inkişaf yollarda hərəkət edən at arabalarından təkmilləşmiş özü hərəkət edən qurğulara keçilməsi zərurəti yaratdı.
Dünyada ilk dəfə avtomatik hərəkət ideyası hələ XV əsrdə yaşamış Leanordo Da Vinçiyə məxsusdur.
XVII əsrdə İsaak Nyuton avtomobil barədə ilk anlayış vermişdir. “Avtomobil” latın və yunan sözlərindən ibarət olub “özü yeriyən” deməkdir.
XVIII-ci əsrdə, yəni 1769-cu ildə fransız alimi Nikolas Cozef Nyutonun anlayışları əsasında ilk buxarla işləyən avtomobil quraşdırmışdır.
1875-ci ildə Amedey Bolle çəkisi 4800 kq, buxar mühərriki ilə təhciz olunmuş oturacaq yeri 12 nəfərdən ibarət avtomobildə Parislə La-Manş arasındakı məsafəni 18 saata qət etmişdir.
1859-cu ildə fransız mühəndisi Etyen Lenor avtomobildə tətbiq olunacaq ilk daxiliyanma mühərriki hazırlamışdır.
1876-cı ildə alman klerki Nikolas Otto Lenorun hazırladığı mühərriki təkmilləşdirərək prinsipcə bu günkü formaya çatdırmışdır.
1886-cı ildə alman mühəndisləri Kerl Bens və Qotlib Daymler ilk dəfə olaraq daxiliyanma mühərrikli avtomobili icad etmişlər. Daymler-Bens adlandırılan bu avtomobilin mühərrikinin gücü (400 dövr/dəqiqə) 0,89 at qüvvəsi, sürəti 15 km/saat olmuşdur.
Bens və Daymler avtomobillərinin satışı üçün öz dostu çex taciri Yelinekə müraciət etmişlər. 1900-ci ildən etibarən «Daymler-Bens» Yelinekin qızı Mersedesin adı ilə satışa çıxarılaraq alıcılara Mersedes-Bens markası ilə təklif edilmişdir.
İlk avtomobilin sürəti 15 km/saat idi. Mersedes-Bens 1900-cü ildə artıq 76 km/saat sürətlə hərəkət edə bilirdi. 1909-cu ildə Bensin avtomobili 102 km/saat sürət həddinə çatdı. Bu gün isə Mersedes-Bens idman avtomobillərinin hərəkət sürəti 320 km/saat-dır.
Təbii ki, avtomobildə təkmilləşmə getdikcə onun konstruksiya hissələrində də yeniləşmələr yaranmışdır.
Birinci praktiki akkumlyatorla işləyən avtomobil 1887-ci ildə Türk sultanı Abdul Həmidin sifarişi ilə hazırlanmışdır.
XX əsrdə avtomobilləşmənin inkişafı amerikalı Qenri Fordun adı ilə bağlıdır.1908-1927-ci illər onun «Ford-T» markalı 15 min ədəd avtomobili buraxılmışdır. Bu avtomobillərin bir ədədinin qiyməti 250-900 dollara qədər idi.
Bu gün bacarıqlı argentinalı Korsi, bütün köhnə fordları alıb, yenidən bərpa edərək hər birini 30 min dollara satır.
İlk hidravlik tormoz sistemi avtomobillərdə 1923-cü ildə tətbiq edilmişdir.
İçərisinə hava doldurulmuş ilk rezin təkər 1895-ci ildə Mişelin qardaşları tərəfindən tətbiq olunmuşdur.
Avtomobilləşmə inkişaf etdikcə artıq yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması tədbirlərinə ehtiyac yaranırdı. Bu cür tədbirlərin həyata keçirilməsi zərurəti hələ keçmişdən də mövcud olmuşdur.
Avtomobil və onun hərəkəti zamanı təhlükəsizlik problemləri üzrə birinci beynəlxalq konfrans 1909-cu ildə Paris şəhərində açılmışdır. Bu konfransda ilk avtomobil Konvensiyası qəbul edilmişdir. Konfransda müzakirə olunan əsas məsələlər avtomobillərin təhlükəsiz istismarı üçün beynəlxalq tələblər, yol nişanlarının tətbiqi və avtomobillə sərhədlərin keçilməsi barədə olmuşdur.
Konfrans avtomobilin istismarı üçün ilk tələblərdən biri kimi onun texniki baxışdan keçməsini tövsiyə etmişdir. Bu məsələnin həlli əksər dövlətlərdə avtomobilin sahibi və polis orqanlarına tapşırılmışdır. Buraxılan avtomobilin şassi nömrəsinin və istehsalçı firmanın adının həkk olunması da tələb olunmuşdur.
Konfransda qəbul olunmuş qaydalara əsasən sürücülərin yaşı 18 olmalı idi. Beynəlxalq Yol hərəkətində iştirak edən sürücünün avtomobili sürmək hüququ texniki baxışdan keçəndən sonra bir il uzadılırdı.
Həmin konfransda ilk dəfə olaraq yol hərəkətini tənzimləyən 4 yol nişanı qəbul edilmişdir. Bunlar yol ayrıcı, şlaqbaum, nahamar yol və əyri yol nişanları idi . Bu nişanlar maneələrdən 250 metr qabaqda qurulmalı idi.
Fransada ilk Yol hərəkəti qaydaları 14 avqust 1893-cü ildə qəbul olunmuşdur. İlk qaydaları pozan adam Hersoqinya De Yuzes olmuşdur. O, Bulon meşəsində avtomobili 13 km/saat sürətlə idarə etmişdir.
Polis tərəfindən hərəkətin jezl ilə nizamlanması ilk dəfə 1908-ci ildə Peterburqda tətbiq olunmuşdur. Onu yuxarı qaldıranda hamı dayanmalı, aşağı buraxdıqda hərəkət davam etdirilməli idi.
Hərəkətin svetoforla nizamlanması ilk dəfə Amerikada 1914-cü ildə tətbiq edilib, o vaxt iki siqnal (qırmızı və yaşıl siqnal) nəzərdə tutulmuşdur.
Avtomobillərin sayının durmadan artması 20-ci əsrin ortalarında artıq onun təhlükəsizliyinin təmin olunmasını problemə çevirmiş və onun hamılıqla həlli yollarının araşdırılmasını tələb edirdi. Odur ki, 1949-cu ildə Cenevrə şəhərində Yol hərəkəti ilə bağlı Beynəlxalq Konvensiya qəbul olunmuş, dünyanın əksər ölkələri bu Konvensiyaya qoşulmuşdur.
Keçmiş Sovetlər Birliyi 1959-cu ildə həmin Konvensiyaya qoşulmuşdur.
1968-ci ildə Vyanada yol hərəkəti sahəsində növbəti Konvensiya qəbul olunmuş, Azərbaycan müstəqil dövlət kimi 1997-ci ildə həmin konvensiyaya qoşulmuşdur.
Yol hərəkəti sahəsində beynəlxalq norma və qaydaların qəbul edilməsi onların yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılmasını tələb edirdi. Bu məqsədlə keçmiş SSRİ-də 1935-ci ildə Dövlət Avtomobil Müfətişliyi yaranmış, 1936-cı ildə Daxili İşlər Xalq Komisarlığının tərkibinə verilmiş və Dövlət Avtomobil Müfəttişliyinin ilk Əsasnaməsi 1936-cı ilin 3 iyun tarixində təsdiq edilmişdir.
Hal-hazırda hərəkətin təhlükəsizliyi problemi ümumdünya xarakteri almışdır. Bütün sivil dövlətlər bu sahədə regional dövlət proqramlarını qəbul edir, öz normativ bazalarını möhkəmləndirirlər.
Müstəqil Azərbaycan dövlətində də bu məsələ ümummilli səviyyəyədək yüksəldilmiş, 1998-ci ildə "Yol hərəkəti haqqında" Qanun qəbul edilmişdir.
Bu gün ABŞ-da və Avropanın 55 dövlətində 492 mln avtomobil istismar olunur. Dünyada son zamanlar hər ildə 57 milyon avtomobil istehsal olunur.
Hal-hazırda dünyanın bir çox ölkələrində yüksək səviyyəli yük, minik və xüsusi təyinatlı avtomobillər istehsal edilir. İndiki avtomobillərin bir çoxu hərəkət sürətini saatda 200 km-ə qədər artırmaqla yanaşı, avtomobilin texniki sazlığına nəzarət edən, eləcə də sürücü və sərnişinlərin təhləkəsizliyini təmin edən kompüter sistemləri ilə təhciz edilmişlər. Almaniyanın «Mersedes-Bens», «BMV», «AUDİ», «Folksvaqen», Böyük Britaniyanın «Yaquar», «Rols-Roys», «Rover», İtaliyanın «Fiat», «Lyança», «Ferrari», «Alfa-Romeo», Yaponiyanın «Toyota», «Subaru», «Nissan», «Mazda», Amerikanın «Ceneral-Motors» «Ford», «Kraysler» və s. markalı avtomobilləri dünya bazarında özünə xüsusi yer tutur. Yaddan çıxarmaq olmaz ki nəqliyyat vasitələri, xüsusilə avtomobil həyatımızda mühüm yer tutmaqla yanaşı, eləcə də təhlükə mənbəyidir. Xeyli sayda avtomobillərin gündəlik həyatımıza daxil olması ilə bir sıra problemlər də qarşıya çıxır. İldən-ilə dünyada yol-nəqliyyat qəzalarında ölən və yaralanların sayının artması ciddi narahatlıq doğurur. III minilliyin astanasında dünyada hər il avtomobil qəzaları nəticəsində 260 mindən çox insan həlak olur, ondan 30 dəfə artıq isə xəsarət alır.
Hazırki dövrdə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin və əmlakın mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması kimi ümumdövlət və sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində heç kəs kənarda qala bilməz. Yadda saxlamalıyıq ki, küçə və yollarda hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına əməl etməklə intizamlı olmaqla özünün və digərlərinin həyatını qorumuş olur. Yolda bizə onlarca gözlər o cümlədən uşaqlar baxır. Onlar həmişə böyüklərdən nümunə götürürlər. Uşaqların kiçik yaşlarından yol hərəkəti qaydalarını öyrənməsi və onlara əməl etməsi çox vacib məsələdir

Piyadaların küçə və yollarda davranma qaydaları. Küçə və yolları keçərkən təhlükəsizlik tədbirləri

Küçə və yollarda, gecə və gündüz, istidə və soyuqda nəqliyyat vasitələri fasiləsiz hərəkət edir. İlbəil ölkəmizdə nəqliyyat vasitələrinin sayının artdığı kimi hərəkətin intensivliyi də artır. İndi yollarda yeni, yüksək sürətlə hərəkət edən Mersedes, BMW, Auidi, Toyota, Ford, Pejo və s. markalı avtomobillər mövcuddur.
Yolun hərəkət hissəsində avtomobil, motosikl, traktor, velosiped, at arabası hərəkət edirsə, onların qarşısına çıxmaq çox təhlükəlidir. 20 km/saatdan yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi insana ciddi bədən xəsarəti yetirə bilər. Bunun səbəbi nəqliyyat vasitəsinin qarşısına çıxan maneənin vurmamaq üçün, onu saxlayarkən tormoz sistemindən istifadə edənədək müəyyən məsafəni qət etməsidir. Bu məsafə sürücünün maneəni gördüyü andan baş verə biləcək təhlükəni qavrayaraq müəyyən tədbir görməyə başladığı ana qədər keçən vaxta barəbərdir. Sürücü təhlükəni görüb ayağını akselerator pedalından çəkərək tormoz pedalını (əyləci) sıxmağa başladığı ana qədər keçən vaxta sürücünün dərketmə vaxtı deyilir. Sürcünün dərketmə vaxtı onun ümumi psixi-fizioloji vəziyyətindən, əhatə edən mühitindən yolun şəraitindən, hərəkətin sürətindən və intensivliyindən, həmçinin başqa amillərdən asılı olub 0,7-1,5 saniyə təşkil edir. Sürücü əyləci basdıqdan sonra avtomobilin yolda sürüşməsi baş verir ki, bu da avtomobilin sürətindən asılı olaraq ətalət hesabına hərəkətini davam etməsidir. Bu hərəkət sürətindən asılı olaraq tam dayanma 80 m məsafəyə qədər ola bilər. Ona görə uşaqlara hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükə mənbəyi olmasının aşılanması çox vacibdir.
Şəhər və qəsəbələr inkişaf edib genişləndikcə piyadaların da sayı artır. Küçə və yollarda hərəkət şəraiti günü-gündən mürəkkəbləşir. Xüsusilə pik saatlarında, səhərlər böyüklər işə tələsir, uşaqlar isə məktəbə gedirlər, axşamlar isə hamı işdən və məktəbdən qayıdır. Bu saatlarda piyadalar və sürücülər xüsusilə diqqətli və ehtiyatlı olmalıdırlar. Nəqliyyatın və piyadaların hərəkətini tənzimləmək və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə şəhərlərin küçələrində və prospektlərdə, yollarda yol məlumatverici və göstəricilər, nişanlar quraşdırılır.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsinin əsas şərti hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarını bilmək və onlara dəqiq əməl etməkdir. Yol hərəkəti qaydalarını sürücülərin bilməsi ilə iş bitmir, piyadalar, böyüklər və uşaqlar öz növbəsində onu bilməli və hər zaman ona əməl etməlidirlər.
Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların eyni zamanda hərəkət etməsi hərəkətin mürəkkəbləşməsinə səbəb olur. Odur ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi piyadaların diqqətli olmalarından, onların yolda davranış qaydalarını bilmələrindən və bu qaydalara əməl etmələrindən asılıdır. Əks təqdirdə bu bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər.
Piyadalar küçələrdə səki ilə və ya piyadalar üçün ayrılmış yol ilə, şəhərdənkənar yollarda isə, yolun sol kənarı ilə hərəkət etməlidirlər.
Əşya daşıyan və ya aparan piyadaların, habelə əlil arabalarında gedən şəxslərin səki və ya yolun kənarı ilə getməsinə icazə verilir. Əgər onların belə hərəkəti başqa piyadalar üçün maneə yaradırsa, onlar yolun hərəkət hissəsinin kənarı ilə hərəkət edə bilərlər.
Səki olmadıqda mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir cərgədə dörd nəfərdən çox olmamaq şərti ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında sol tərəfdə müşayiətçilər getməlidir. Müşayiətçilərin əlində sutkanın işıqlı vaxtı qırmızı bayraqcıqlar, qaranlıq və məhdudiyyətli görünmə şəratində isə yandırılmış fənərlər olmalıdır. Qabaqda gedən müşayiətçi ağ rəngli, arxada gedən müşayiətçi isə qırmızı rəngli fənəri yandırılmış vəziyyətdə sürücülərin görməsi üçün əlində tutmalıdır.
Uşaqların isə dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yolun çiyni ilə aparmağa icazə verilir.
Yaşayış məntəqələrində səkisi və piyadalar üçün yolu olmayan küçələrdə, həmçinin şəhər ətrafında kənarları olmayan yollarda piyadalar küçənin (yolun) sol tərəfi ilə hərəkət etməlidirlər.
Piyadalar belə hərəkət etdikdə onlar qarşıdan gələn nəqliyyatı görər və təhlükəsizliyin təmin edilməsi üçün vaxtında lazımi tədbirlər görə bilərlər.
Əl arabaları və velosipedlərlə ancaq yolun sağ kənarı ilə hərəkət etmək lazımdır. Uşaq kolyaskalarını isə səki ilə ya da yolun sağ kənarı ilə aparmağa icazə verilir.
Səkinin üzərində hər hansı bir maneə olduqda, ya da orada piyadalar toplandıqda piyada, hərəkətin təhlükəsizliyini yəqin etdikdən sonra səkidən yolun hərəkət hissəsinə düşməli, maneəni keçdikdən sonra isə yenidən səkiyə çıxaraq hərəkəti davam etdirməlidir.
Piyadalar küçəni, yaxud yolu keçmək üçün yalnız bu məqsədlə ayrılmış xüsusi yerlərdən, körpülərdən, yaxud yeraltı və yerüstü keçidlərdən, göstəricilər, yol nişanları və ya xətlərlə ayrılmış piyada keçidlərindən keçməlidirlər.
Əgər görünmə zonasında piyada keçidi və ya yol ayrıcı olmadıqda yolun hərəkət hissəsini ayırıcı zolaq olmayan və sədd çəkilməyən hər iki tərəfdən yaxşı görünən sahələrdə çəpinə deyil, düzünə keçmək lazımdır.
Küçəni belə keçdikdə piyada ancaq hərəkət hissəsinin eni qədər yol qət etmiş olur. Hərəkət hissəsini çəpinə keçdikdə isə piyadanın yolu və bu yolu keçməyə sərf etdiyi vaxt artıq olur. Bundan başqa yolu çəpinə keçdikdə piyadanın arxası müəyyən dərəcədə nəqliyyatın hərəkəti istiqamətinə tərəf çevrilir ki, bu da həyat üçün təhlükəlidir.
Əgər piyada keçidlərində nizamlayıcı yoxdursa, yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə qədər olan məsafəni, onların sürətini qiymətləndirdikdən və bu halda yolu keçməyin onun üçün təhlükəsiz olduğunu yəqin etdikdən sonra piyada yolun hərəkəti hissəsinə çıxaraq yolu keçə bilər.
Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl piyada sol tərəfə baxıb nəqliyyatın yaxınlaşmadığını yəqin etməli, yalnız bundan sonra yolun hərəkət hissəsinə çıxaraq yolu ortaya qədər keçməli, sonra sağ tərəfə baxmalıdır. Əgər nəqliyyat yaxınlaşarsa piyada ox xəttinin (və ya təhlükəsizlik adacığının) üzərində dayanaraq nəqliyyatın keçməsini gözlədikdən sonra ləngimədən yolu keçməyi davam etdirməlidir.
Piyadalar bütün hallarda qırmızı və ya göy sayrışan və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitələrinə yol verməlidirlər. Hərəkət hissəsində olduqda isə bu nəqliyyat vasitələrinə yol verərək hərəkət hissəsini dərhal boşaltmalıdırlar.
Eyni ilə nizamlanmayan keçidlərdə, yaxud yanıb-sönən sarı işıqlı svetofor qoyulmuş yerlərdə piyadalar bütün hallarda yaxınlaşmaqda olan nəqliyyata yol verməlidirlər.
Küçənin, yolun hərəkət hissəsini yaxınlaşmaqda olan nəqliyyatın qabağından keçmək piyada üçün təhlükəlidir. Bu qaydalara riayət edilmədiyindən Bakı şəhərində çoxlu sayda yol nəqliyyat qəzaları baş verir ki, nəticədə insanlar həlak olur, əksər hallarda isə şikəst qalırlar. Yadda saxlamaq lazımdır ki, hərəkətdə olan nəqliyyatı birdən-birə dayandırmaq mümkün deyil.
Yolun sürücülərə çətin görünən yerlərində (döngələrdə, yoxuşlarda və s.) piyadaların dayanmasına və yolu keçməsinə icazə verilmir. Yolu yalnız hər iki tərəfdən aydın görünən yerlərdən keçmək olar.
Piyadalar küçəni hərəkət nizamlanan yerlərdə küçənin (yolun) keçid hissələrində svetoforun yaşıl işığı, yaxud nizamlayıcının müvafiq icazəverici siqnalında keçməlidirlər. Yadda saxlamaq lazımdır ki, əgər nizamlayıcının sinə və arxa tərəfləri piyadaya çevrilibsə, onda yol ayrıcını keçmək olmaz. Nizamlayıcının sinəsi və kürəyi (arxası) svetoforun qırmızı işığına müvafiqdir. Həmin istiqamətdə nəqliyyatın və piyadaların hərəkəti qadağandır. Nizamlayıcının yan tərəfi (çiyni) piyadaya tərəf çevrilməsi yolu keçməyə icazə verir. Nizamlayıcının sağ əlini yuxarı qaldırması svetoforun sarı işığına müvafiq olduğu üçün piyadalara yol ayrıcına girməyə icazə verilmir.
Svetoforla nizamlanan keçidlərdə piyadalar üçün qoyulmuş «keçin», «dayanın» işıq göstəricilərinə ciddi əməl edilməlidir.
Sutkanın qaranlıq vaxtı piyadalar xüsusilə diqqətli olmalıdırlar. Piyada bilməlidir ki, qarşıdan gələn nəqliyyat vasitəsinin işığı sürücünün gözünə düşdüyünə görə o, yolun işıqlanmayan hissəsində yolu keçən piyadanı görmür. Buna görə də sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda yolu keçmək olar.
İşıq göstəriciləri əksər hallarda dönən nəqliyyatın hərəkətini nizamlamaq üçün əlavə bölmələri olan svetoforlarla birlikdə tətbiq edilir. Belə svetoforlar qoyulan yolayrıclarında nəqliyyat vasitəsi onun əsas işarəsindən asılı olmayaraq əlavə bölmədəki yaşıl işıq yandığı vaxt ox işarəsinin istiqamətində dönə bilər. Deməli, əlavə bölmələrdə işıq yanmasa, piyadalar küçənin hərəkət hissəsini təhlükəsiz keçə bilərlər.
İnzibati Xətalar Məcəlləsində piyadaların yol hərəkəti qaydalarını pozmalarına görə məsuliyyət nəzərdə tutulur.
Belə ki, piyadalar:
- piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət etməməyə görə;
- yolun hərəkət hissəsini, dəmir yolunu müəyyən olunmayan yerdən keçməyə görə;
- küçə və yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmağa görə;
- qırmızı və ya sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə;
şərti maliyyə vahidinin 3 misli miqdarında cərimə edilirlər.

 

Yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək hamı üçün vacibdir

Son illər respublikamızda avtomobil parkının inkişafı nəticəsində yollarda və küçələrdə hərəkətin intensivliyinin artması avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinin təmin edilməsi mühüm dövlət problemi kimi ön plana çəkilməsini tələb edir.
İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada avtomobil nəqliyyatından istifadə edilməsin. Əhalinin şəxsi istifadə üçün lazım olan minik avtomobillərinə ehtiyacı daim artır. Belə bir şəraitdə təhlükəsizliyi təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təkcə sürücülərin deyil, bütün yol hərəkəti iştirakçılarının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (3 iyul 1998-ci il tarixdə qəbul edilmişdir) bilmələri və riayət etmələri tələb olunur. Çox zaman yalnız sürücülərin təqsiri üzündən deyil, həmçinin piyadaların, xüsusilə uşaqların yol hərəkəti qaydalarını bilməmələri, yaxud onlara əməl etməmələri səbəbindən bədbəxt hadisələr baş verir.
Uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O, elə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud da, ona elə gəlir ki, sürücü nəqliyyatı istədiyi anda dayandıra və yandan sürə bilər.
Hadisələrin təhlili göstərir ki, uşaqların küçədə nəqliyyatdan xəsarət almaları onların davranışından asılıdır. Odur ki, məktəblərdə və məktəbdənkənar pedoqoji tədbirlərin müntəzəm həyata keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün uşaqlarda ən əvvəl təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Uşağa küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Bunu, istər valideynlər, istərsə də tərbiyəçilər, müəllimlər və hamı yaxşı bilməlidir.
Odur ki, bizim məktəblərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələrinə, onların küçədə intizamlı olmalarına ciddi əhəmiyyət verilməli, yol hərəkəti qaydalarına dair məşğələlər keçirilməlidir. Həmin məşğələlərin dərsdənkənar vaxtlarda yuxarı sinif şagirdləri ilə keçirilməsi daha məqsədəuyğundur. Bununla əlaqədar şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayrıclarının keçilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir

 

 

Baxışlar: 1823 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024