Son zamanlar Bakı şəhərində və ətraf rayonlarda ölkənin magistral yollarında avtomobil qəzalarının baş verməsi və onun doğurduğu acı nəticələr müəyyən narahatlığa səbəb olur.
Bu qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda insan dünyasını dəyişir və şikəst olur.
Gənc Vətənpərvərlər Birliyinin (GVB) sədri Muğan Əliyevin qhtxeber.az-a verdiyi məlumata görə, yol hərəkət qaydalarının pozulması nəticəsində ölüm hadisələrinin artması ilə əlaqədar Gənc Vətənpərvərlər Birliyinin İdarə heyətinin qərarı ilə təbliğat və təşviqat üzrə təşkilat komitəsi yaradılıb. Bu sahədə ali təhsil müəssisələrində, idman cəmiyyətlərində, ictimai yerlərdə maarifləndirmə işləri aparmaqla yanaşı, könüllü sosioloji sorğuların keçirilməsinə start verilib.
Tədbirlər planına uyğun olaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunacaq “Sürət məsafəni deyil, ömrü qısaldır” devizi altında yüngül atletika üzrə orta ,uzaq ,qısa məsafəyə qaçışların keçirilməsi nəzərdə tutulub.
Yol hərəkət qaydalarına uyğun bukletlər çap olunaraq ümumtəhsil müəssisələrində, idman cəmiyyətlərində, ictimai yerlərdə təşkilat üzvləri tərəfindən paylanır.
Hamlet
http://qhtxeber.az/news/a-32720.html
|