Prezident İlham Əliyev Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edib. ANS PRESS-in məlumatına görə, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirlər. Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb.