Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » İyul » 11 » GVİB: "Valideyinlər övladlarına vətənpərvərlik hisslərini düzgün təbliğ etməlidir"
14:54
GVİB: "Valideyinlər övladlarına vətənpərvərlik hisslərini düzgün təbliğ etməlidir"
Vətənpərvərlik hissi hər insana görə dəyişir. Ola bilər ki, bəzi insanlar üçün vətənpərvərlik sadəcə bir şüardır, yəni onlar yalnız evdə milli mentalitetə uyğun yaşaya bilərlər, nəyinsə təbliğatı ilə məşğul ola bilərlər, lakin bu, vətənpərvərlik demək deyil. Hər hansı bir uşağın vətənpərvərlik ruhunda böyüməsi üçün ona bu haqda əsas nüansları izah etmək lazımdır. Vətənpərvərlik insanın həyatında sadəcə vətənə sədaqət, vətəni fikirləşmək demək deyil. Əgər insan vətənpərvər olmaq istəyirsə, birinci növbədə özünün düzgün inkişafından, ətraf mühitə münasibətindən başlamalıdır. Əgər bir insan ətrafındakı insanlara düzgün qayğı, lazımi səviyyədə hörmət, ehtiram göstərə bilmirsə, o insan heç bir şeyə müsbət yanaşa bilməz. Yəni, öz mühitindəki, sosial əhatəsindəki insanlara faydası olmayan bir insanın heç vaxt vətənə və dövlətə xeyri ola bilməz. İnsanın vətənpərvər ruhda böyüməsi üçün birinci növbədə onun cəmiyyətə nə qədər dəyərli, faydalı ola biləcəyini, rolunu dərk elətdirmək lazımdır. “Sən cəmiyyətə nəyə görə lazımsan? və necə yaxşı vətəndaş, insan ola bilərsən?, həmçinin cəmiyyətə necə müsbət təsir göstərə bilərsən?” kimi suallara aydınlıq gətirmək lazımdır.
Təhsil əsas şərtdir, o səbəbdən ki, təhsilsiz ailənin övladı ilə təhsilli ailənin övladını müqayisə etsək, demək olmaz ki, təhsilsiz ailənin uşağı vətənpərvər olmur, lakin düzgün istiqamətləndirmək zəif olur. Bizim xalqın nümayəndələrinin belə bir fikri var ki, cəmiyyəti fikirləşən sadəcə aşağı təbəqənin nümayəndələridir, yuxarı təbəqənin nümayəndələri isə bir o qədər bu haqda düşünmür, onlar üçün öz həyatları daha önəmlidir. Əslində belə deyil. Əgər bir insan ömür boyu vətəni fikirləşirsə, ancaq dövlətin mənafeyi haqqında düşünürsə, onun problemləri üçün narahat olursa, bu vətənpərvərlik deyil. Lakin, bir insan öz təhsil səviyyəsi ilə vətən və dövlət üçün hər hansı bir xeyirli işlə məşğul olursa, öyrəndiyi peşəsi, yaşam tərzi ilə özündən fərqli beş nəfərə köməklik edəcək bir işlə məşğul olursa, onun vətənpərvərlik hissi digərlərindən daha çoxdur. Vətənpərlik əslində insanlara xidmətdir, yəni sən öz peşənlə insanlara nə qədər çox müsbət təsir göstərirsənsə, sən bir o qədər çox vətənpərvərsən. Vətənpərvərliklə vətən uğrunda həlak olmaq arasında fərq çoxdur. Fanatikliklə vətənpərvərlik ayrı anlayışlardır. Əgər sən vətən uğrunda canından keçməyi sübut etməyə çalışırsansa, bu fanatiklikdir. Əslində fanatiklik mənfi haldır, çünki nəyisə itirməyi, öz canını itirməyi gözə almağı bacaran insan üçün vətən haqqında fikirləşmək düzgün deyil, yəni bu insan vətənə faydalı olmaqdansa, öz ölümünü seçir.
Əgər biz uşaqları vətənpərvər ruhda böyütmək istəyiriksə, onlara insanların necə öldüyündən, vətən uğrunda necə həlak olmağından danışmaq lazım deyil. İnsanda qorxu hissini formalaşdırmaq onda vətənpərvərlik hissini azaldır, onlarda elə fikir formalaşır ki, vətənpərvər olmaq vətən uğrunda ölmək deməkdir. Bu səbəbdən insana sadəcə belə qorxu aşılamaqdansa, onlara düzgün həyat tərzini başa salmaq lazımdır. Məsələn, vətən uğrunda həlak olmuş insanların həyatları haqqında danışıb onların müsbət tərəflərini göstərmək vacibdir. İzah etmək lazımdır ki, bu insan ölmək istədiyinə görə deyil, məcbur qaldığına görə deyil, sadəcə lazım olduğuna görə özünü təhlükəyə atıb. Biz nə qədər ki, uşaqları, əsasən də gənc oğlanları vətənpərvər ruhda böyütmək istəyiriksə, qorxu aşılamaqdansa, müsbətləri aşılamaq gərəklidir. Yəni, bir insanın həyatında nə qədər ki, qorxu hissi formalaşdırılırsa, o insan sadəcə ailəsinin gözündə vətənpərvər ola bilər, amma daxilən qorxu hissini daima yaşayacaq və həmin məqam gələndə fikirləşəcək ki, mən də vətənpərvərəmsə, bu işi görürəmsə, məni də ölüm gözlüyür. Amma, müsbət tərəfləri göstərib ölüm qorxusunu tamamilə kənarlaşdırsaq, o, “əgər mən vətənpərvərəmsə, deməli ölməliyəm” fikrini ağlına gətirməyəcək. Sadəcə müsbətləri düşünəcək ki, mən cəmiyyətə xeyirli olmalıyam və ya hansı işlərlə məşğul olsam, daha çox xeyir vermiş olaram.
Məktəbin də şagirdlərin cəmiyyətdə faydalı böyümələrində geniş təsiri var. Təhsilə ona görə önəm veririk ki, uşağın həyatında ailədən sonra ikinci sosial mühitdir. 6-7 yaşa qədər ailənin təsiri olursa, bu yaşdan sonra məktəbin təsiri daha çox olur. Əgər Azərbaycanlı bir uşağı rus dilli insanların əhatəsində böyütmək istəyirsinizsə, milli dəyərləri aşılamaq çətin olacaq, çünki onun gördüyü tamamilə ayrıdır. Məsələn, deyirsiniz ki, bu cür olmaz, lakin o, həmin mühitdə başqa cür görür. Ona görə də, əgər vətənpərvər ruhda böyütmək istəyirsinizsə, düzgün təhsil mühitini seçmək mütləqdir. Bizə yad olan mühitdə uşağı formalaşdırmaqla, milli dəyərləri, vətənpərvərlik hissini saxlamaq çətin prosesdir. Demirəm ki, müasir təhsil insanları vətənpərvərlik hissindən uzaqlaşdırır, amma tendensiyanı saxlamaq hər ailə üçün elə də asan məsələ deyil. Bunun üçün ailə məktəbdən sonra uşaqlarının daha çox təlim-tərbiyəsi ilə maraqlanmalı, daha çox vaxt keçirməli, həmçinin, uşaqlarının da müxtəlif xarakterik vəziyyətlərini anlayaraq düzgün istiqamətdə formalaşdırmalıdır. Vətənpərvərlik hissini formalaşdırmaq üçün onlara ötəri yanaşmamalı, hər bir suallarını tolerantlıqla, həmçinin, düzgün formada cavablandırmalıdırlar. Eyni zamanda uşaqda maraq və reaksiya oyatmaqla həmin mövzuda müəyyən izahat vermək lazımdır, yəni əgər uşaq danışdığınız əsasında sual vermirsə, deməli onda maraq oyatmamısınız və öyrətməyiniz də çətinləşəcək.
Həmçinin, uşaqlarda vətənpərvərlik hissini formalaşdırmaq üçün onlara xarici ölkələrin qəhrəmanlarını, atributlarını deyil, ilk növbədə özümüzün qəhrəmanlarımızı, atributlarımızı öyrətmək lazımdır. Əgər Avropanın dəyərlərini aşılamağa başlasaq, öz dəyərlərimizi aşıladıqda artıq o uşağa sıxıcı gələcək.
Əsas məsələlərdən biri də, ailənin uşağa olan müsbət təsiridir. Məsələn, ana sadəcə uşağının gündəlik məişət qayğıları ilə maraqlanırsa və ona həyatı düzgün izah edə bilmirsə, o uşaq vətənpərvər ruhda böyüyə bilməz. Həmçinin, evdar qadın (ana) gününü yalnız xarici kinolara baxmaqla və ya başqa işlərlə məşğul olmaqla keçirirsə, bu halda da uşaq vətənpərvər ruhda böyüyə bilməz. Çünki, uşaq ananın yanında başqa ölkənin filmlərinə belə baxdığı halda o, gözü ilə gördüyünü dərk edir.
Uşağa təsir etməyin üsullarından biri də müsbət mənada onun mühitini kiçiltməkdir. Bu isə o deməkdir ki, uşağı onun əqidəsinə mənfi təsir göstərən mühitdən kənar tutmaq əhəmiyyətlidir. Ana və ata ortaq fikirləri ilə uşağı böyütsələr, o zaman daha çox vətənpərvər ruhda formalaşdırmış olarlar. Təbii ki, uşağın sosiallaşmasının qarşısını almaq olmaz, sadəcə onu doğru mühitdə böyütmək, eyni zamanda yanlışla doğrunun özünün də nə olduğunu göstərməklə başa salaraq formalaşdırmaq mühümdür.
Son nəticə olaraq onu qeyd edə bilərik ki, ailə başçıları ata və ana özləri də vətənpərvərlik anlayışını düzgün formada dərk etməlidirlər ki, övladlarını da doğru şəkildə maarifləndirə bilsinlər.

Gənc Vətənpərvərlər İctimai birliyinin sədri Muğanət Əliyev
Baxışlar: 186 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2019  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024