Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Səbail rayon 2 saylı texniki hümanitar elmlər liseyində "Heç vaxt unutmarıq səni Xocalı” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbiri giriş sözü ilə açan GVB-nin Humanitar və mədəniyyət şöbəsinin müdiri N. Qaçayev qeyd edib ki, Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında marifləndirmə işləri gücləndirilməlidir. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, Beynaxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar. Layihə rəhbəri, GVB-nin sədri M. Əliyev çıxışında layihənin mahiyyətindən və layihə çərçivəsində çox saylı gənclərin məlumatlandırılmasından söhbət açıb. M.Əliyev bildirib ki, Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalıdır. Tədbirdə məktəbin direktoru B. Mustafayev, GVB-nin fəxri üzvü, ziyalı E. Süleymanov, tarixşünas S. Əliyev çıxış ediblər. Tədbirdə Xocalı fəciəsi ilə bağlı şeirlər oxunub. Xocalı faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri fəxri diplom və mükafatlara layiq görülüblər.
|