Gənc Vətənpərvərlər Birliyi Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, ölkədə xaos və anarxiya hökm sürürdü. Bu isə hər bir sahəyə olduğu kimi idman və gənclərin inkişafına da mənfi təsir göstərirdi. Bu dövrdə idman federasiyaları, idman bazası və gənclər təşkilatları məhvə sürükləndi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi bu istiqamətdə də dövlət islahatları sürətlə aparıldı. Gənclər və İdman Nazirliyi yaradıldı, Milli Olimpiya Komitəsi bərpa olundu, gənclərlə bağlı dövlət siyasəti həyata keçirilməyə başladı. M.Əliyev eyni zamanda, müstəqillik illərində QHT-lərin fəaliyyətindən də danışıb. Onların müstəqilliyin ilk illərində həyata keçirdikləri layihələrdən, gördükləri işlərdən bəhs edib. Sonra GVB sədri bildirib ki, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin apardığı çoxsaylı islahatlar hamını olduğu kimi, gəncləri də sevindirir. Tədbirdə DİN-in İdman Cəmiyyətinin əməkdaşı İ.Siracov, E.Xudaverdiyev, Cü-Citsu və kontakt karate do federasiyalarının təmsilçiləri A.Quliyev, T.Seyidov, M.Seyidov, Oyama karate-do klubun prezidenti H.Əliyev, GVB-nin şöbə müdirləri N.Qaçayev, İ.Əliyev, müşavir N.Niftiyev, S.Quliyeva, Ş.Azəri, gənc idmançılar və başqaları müstəqillik illərində əldə olunan nailiyyətlərdən söz açıblar. Qeyd edək ki, GVB müstəqilliyin 20 illiyi ilə bağlı tədbirləri Gəncədə və Qərb bölgəsində davam etdirəcək.
|