İhttp://www.azadinform.az/news/a-180228.html Iyirmi il qabaq - 1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaq.
Hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə vardır. Çünki nəsillər dəyişir, ölkələr inkişaf edir ancaq ənənələr, milli dəyərlər yaşamalıdır və yaşadılır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. O, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.Bu gün Azərbaycan öz tarixinin şərəfli və bir o qədər də mürəkkəb bir dövrünü yaşayır. Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür.
Bu, böyük xoşbəxtlikdir ki, indiki gənclər müstəqillik dövründə yaşayır, formalaşır. Bəzi hallarda indiki gənclərin ağlına da gəlməz ki, vaxtı ilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər vardı, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək mövcud deyildi. Bizim bu gün xoşbəxtliyimiz ondadır ki, müstəqil və azad bir ölkədə yaşayırıq. Hələ ötən əsrin 1970-1980-ci illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi.
Müasir ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi müəyyən olunub.Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlayıb. O vaxtdan dövlətin gənclərlə bağlı siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülüb.
Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilir, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulur.
Bundan əlavə, ümummilli lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb -- bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların milli ruhda tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlib. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.
Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Bu gün qürurla demək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.
12 Avqust -- Beynəlxalq Gənclər Günü münasibətilə ölkə gəncliyini, xalqımıza dünya miqyasında üz ağlığı gətirən idmançılarımızı, yaradıcı gənclərimizi, xüsusən, Lələ Təpədə və Günnütdə milyonlarla soydaşımıza sevinc bəxş edən Azərbaycan Ordusunun əsgərlərini təbrik edirik! Cənab Alı Baş Komandana isə deyirik ki, orduda, Silahlı Qüvvələrdə olub-olmamasından asılı olmayaraq ölkə gəncliyinin hamısı Sizin əsgəriniz, möhtəşəm siyasətinizi dəstəkləyən komandanızdır. Biz Vətən və xalq naminə verilən istənilən əmrin icrasına hazırıq!
Müqamət ƏLİYEV,
Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri
|