Vətənə sevgi ailədən,ümum təhsil məktəblərdən başlayır - 28 November 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 28 » Vətənə sevgi ailədən,ümum təhsil məktəblərdən başlayır
14:12
Vətənə sevgi ailədən,ümum təhsil məktəblərdən başlayır
Vətənə sevgi ailədən,ümum təhsil məktəblərdən başlayır Gənc Vətənpərvərlər Birliyin n Sədri Müqamət Əliyev hesab edir ki, uşaq ,yeniyetmə və gənclərə ölkənin bütün milli dəyərlərinə hörmət etmək aşılanmalıdır

"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir"
Heydər Əliyev
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.
Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin V-ci sinifdən məktəbi qurtarana kimi siniflərində oxuyan şagirdlərə və ali təhsil müəssisələrdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar.
Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.
Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir.GVB –n təqiqatı göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu, çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı, kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Uşaqların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə də orta məktəblərdə yeniyetmələr arasında ədəbiyyata marağı artırmaq lazımdır. Çünki B. Vahabzadənin "Bayraq" şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir yer alıb:

- Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq öz yurduma öz hakimliyim!

Bu fikri uşaqlara belə izah etmək olar: Bəli, müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ay-ulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın "Ən şirin şey" şeirində göstərir ki, ən şirin, ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T.Bayramın "Azərbaycan deyəndə", Mədinə Gülgünün "Hər kəsə şirindir öz yuvası" kimi şeirlərini orta məktəb şagirdlərinin diqqətinə çatdırmaq lazımdır.
Hələ kiçik yaşlarından şagirdlərin tarixi yaddaşını formalaşdırmaq üçün onlara "Tarixi şəxsiyyətlərimiz" haqqında məlumat vermək lazımdır.
Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik, vətəndaşlıq orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Amma digər sahələrə nisbətən bu məsələdə əsas vəzifə orta məktəblərin və dərsliklərin üzərinə düşür. Ekspertlər necə düşünür, orta məktəb dərsliklərində şagirdlərə aşılanan vətənpərvərliyin səviyyəsi necədir? Daha çox hansı dərsliklər vasitəsilə bu hissləri onlarda oyatmaq lazımdır?

GVB-n sədri Müqamət Əliyevin sözlərinə görə, orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. M.Əliyev bildirib ki, xüsusilə şagirdlərə hərbi vətənpərvərlik duyğusu 5-ci sinifdən başlayaraq məktəbi bitirənə kimi siniflərdə öyrədilməlidir. Və bu zaman şagirdlərə əsasən hərbi quruluş haqqında bəhs etmək lazımdır. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir.Məktəblərə xususi olaraq istismardan cıxmış silahlarla təmin olunması ücün lazımı otaqların olması ilə yanaşı Yeniyetmələrə hərbi duyğuları aşılarkən fənn seçimi edilməməlidir. Hətta fiziki psixoloji dərsləri vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə QHT –a təhsil işcilərinə tövsiyə edirdi. Gənclər forumunda Ümumilli liderimiz demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir.
Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir
M.Əliyev düşünür ki, orta məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir." Hər fənnin öz funksiyası, öz vəzifəsi var. Mən düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Kecirilən dərslərdə İşhal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli qəhrəmanlarımızı ,Qarabağ haqqında uşaqlara Qarabağı tanıdmaq , onun başına gətirilən faciələri aşılamaq lazımdır . Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu müramadi olaraq aşılamaq lazımd ır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər". M.Əliyevin sözlərinə görə, Gənclər təşkilatları və QHT-n də öz növbəsində hərə öz nizamnaməsinə uyğun olaraq, təbliğat və marifləndirmə işini aparmaqla yanaşı, öz üzvlərinə az da olsa, vətənpərvərlik ruhunda tərbiyə işini gücləndirməlidirlər

Müqamət Süleyman Oğlu Əliyev

Gənc Vətənpərvərlər Birliyin Sədri,Ənənəvi karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman İşcisi
Baxışlar: 287 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016