Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində 5 mart – Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə Gənclər və İdman Nazirliyinin idman sağlamlıq kompleksində elmi - praktik konfrans keçirib.
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.
Nazirliyin məsul işçisi M. Nəsibov bildirib ki, gənclərimizi milli hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidir: "Bu, gənclərin vətənpərvərlik işinin və bütün ideoloji işimizin ayrılmaz hissəsidir və bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir”.
Layihə rəhbəri Müqamət Əliyev Bədən tərbiyəsi və İdman günü münasibəti ilə tədbir iştirakçılarını və idmansevərləri təbrik edib. O, qeyd edib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: "Azərbaycanda idmanın inkişafı ilə kütləvi bədən tərbiyəsinin təməlinin qoyulması, növündən asılı olmayaraq idmanın inkişafı, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq arenada tanıdılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. O, vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Milli Olimpiya Komitəsinin işinin təkmilləşdirilməsi müstəqilliyin bərpasından sonra Heydər Əliyevin, hazırda isə prezident İlham Əliyevin idmana olan qayğı və diqqətinin təzahürüdür.
Tədbirdə həmçinin VKC karate-do Federasiyasının nümayəndəsi A. Seyidov, "OYAMA” karate klubunun prezidenti H. Əliyev, məşqçi Ə. Əşrəfov, həkim – psixoloq Ə. Abasquliyev və başqa şəxslər iştirak edib.
Hamlet
|