Azərbaycan gəncliyi ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirləri xalqa xidmətin ali nümunəsi adlandırır - 10 September 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Sentyabr » 10 » Azərbaycan gəncliyi ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirləri xalqa xidmətin ali nümunəsi adlandırır
09:38
Azərbaycan gəncliyi ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirləri xalqa xidmətin ali nümunəsi adlandırır
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin "Xalq Qəzeti"ndə yazısı dərc olunmuşdur.
Ölkəmizdə əmək haqlarının, müavinət və pensiyaların, təqaüdlərin , o cümlədən , minimum əməkhaqqının növbəti dəfə artırılması faktı qədirbilən xalqımız tərəfindən böyük məmnunluqla qarşılandı. Ancaq bilavasitə bizim birliyin təmsilçiləri olan insanların - tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması məsələsi daha böyük önəm kəsb edir.

Çünki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bugünkü tələbələrin hər biri müstəqil dövlətimizin sabahını təmin edəcək kadrlar ordusunun təmsilçisidir. Məhz həmin prinsipləri əsas tutan Azərbaycan dövləti həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Dövlət Gənclər siyasətinin əsas hissəsini məhz tələbə gənclərlə bağlı olan tədbirlər təşkil edir.

Bu gün Azərbaycan cəmi on ildə mindən artıq orta məktəb binası tikilən yeganə postsovet ölkəsidir. Bu gün Azərbaycan milli təhsilin bütün mərhələlərinin inkişafını təmin edəcək 20-yə qədər Dövlət Proqramının icra olunduğu yeganə MDB ölkəsidir. Bu gün Azərbaycan təhsilə dövlət büdcəsindən faiz və məbləğ hesabıyla ən çox vəsait ayıran azsaylı Avropa ölkələrindən biridir. Hətta, rusiyalı ekspertlər heyranlıqla yazırdılar ki, Azərbaycan büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sistemidir. Rusiyalı dostlarımızın həmin qeydini yada saldıqdan sonra onu da xatırladaq ki, türkiyəli qardaşımız Əli Bulac yaxın zamanlarda Azərbaycanda təhsil sisteminə ayrılan vəsaitin daha böyük məbləğdə artacağına əminlik ifadə edir: "Təbii ki, dünyanın bəzi güc mərkəzləri mütləq ikili standartlardan əl çəkəcəklər və Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. O zaman isə biz Azərbaycanda dövlət büdcəsindən ən çox vəsaitin ayrıldığı sahənın məhz təhsil sektoru olduğunu görəcəyik”. Çox gözəl arzu və inamdır.

Məhz ölkə gəncliyinə göstərilən qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin nümayəndələri gənc müstəqil dövlətimizin bayrağını dünyanın, az qala, bütün guşələrində uca tutur, əksər bayraqlardan yüksəyə qaldırırlar. Azərbaycan gəncləri beynəlxalq olimpiadalarda, dünya çempionatlarında, kubok yarışlarında, universiadalarda, qitə birinciliklərində, o cümlədən bütün digər tədbirlərdə ona görə Azərbaycan bayrağını bütün bayraqlardan yüksəyə qaldıra bilirlər ki, ölkəmizin paytaxtı ilə yanaşı, bütün bölgələrimizdə olimpiya idman kompleksləri fəaliyyət göstərir. İndi həmin komplekslərin sayı 38, idman qurğularında məşq edən yeniyetmə və gənclərin sayı isə on minlərlədir. On, on beş il əvvəl isə həmin göstəricilər bizim üçün xəyal kimi görünərdi.

Bu gün Azərbaycan tələbələri beynəlxalq aləmin ən nüfuzlu ali məktəblərində ona görə ad-san qazanır, uğurlu nəticələrə imza atırlar ki, onların orta təhsil aldığı məktəblərin maddi-texniki bazası dünya təhsil təcrübəsi səviyyəsinə qaldırılıb. Müəllimlərin pedaqoji səviyyəsi artırılıb. Yeni nəsildə sabaha böyük inam hissi yaranıb. Halbuki, müstəqilliyin ilk illərində nəinki sıravi gənclər, hətta ali təhsil almışlar, magistrlər belə həm özlərinin, həm də ölkənin sabahına inana bilmirdilər. İndi Azərbaycanın istənilən gənci özünün gələcək həyatına təkcə ümidlərlə deyil, həm də əminliklə baxır.

Bu gün Azərbaycan əsgəri ona görə cəbhədə ayıq-sayıq dayanır, ona görə düşmənə göz açmağa imkan vermir ki, o , öz Ali Baş Komandanını tez-tez ordu sıralarında, cəbhə bölgələrində görür. O, görür ki, təmsil etdiyi ordunun maddi-texniki bazası nəinki beş il, on il əvvəlki səviyyədə deyil, hətta, ötən ilki səviyyədən də kifayət qədər üstündür. Azərbaycan əsgəri görür ki, ölkənin hərbi sənaye müəssisələrində istehsal olunan silah və hərbi sursatlar dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə yüksək qiymətləndirilir. Azərbaycan əsgəri görür ki, onun Ali Baş Komandanı Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Məmmədov kimi igid oğullarımızın adını müasir tariximizin ən şərəfli səhifələrinə yazır. Ona görə bizim ramillərimiz, mübarizlərimiz, fəridlərimiz yüzlərlə, minlərlədir.

Bir sözlə, bugünkü Azərbaycan gəncliyi öz arxasında qüdrətli dövlət gördüyü kimi, özü də müstəqil dövlətinin etibarlı və ləyaqətli dayağına çevrilir. Bu gün ölkənin aparıcı qeyri hökumət təşkilatlarından olan Gənc Vətənpərvərlər İctimai Birliyinin çoxminli üzvlərinin hər biri bu qənaətdədir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi tədbirlərin hamısı xalqa xidmətin ən ali nümunəsidir.

Müqamət ƏLİYEV,

Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri
yazı ilə buradan tanış ola bilərsiz : http://www.xalqqazeti.com/az/news/social/37701
Baxışlar: 164 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2016